BDU könüllüləri ilə görüş
Bakı, 5 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə “BDU könüllüləri” təşkilatının fəal üzvləri ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə vaxtilə könüllü fəaliyyəti göstərmiş, hazırda isə BDU-nun əməkdaşı olan gənclər də iştirak ediblər.
Rektor bildirib ki, BDU-nun ictimai-sosial və təlim-tədris prosesinin təşkilində yaxından iştirak edən könüllülərin fəaliyyəti universitetin adının daha da yüksəlməsinə və inkişafına xidmət edir.
Könüllülər BDU-nu müxtəlif istiqamətlərdə təmsil edərək, həm fərdi inkişaflarına, həm də universitetin işinə əvəzsiz töhfə verirlər. BDU ailəsinin ayrılmaz parçasına çevrilən “BDU könüllüləri” təşkilatı 2000-dən çox üzvü öz ətrafında birləşdirir. 2019-cu ildən bəri təşkilatın 27 üzvü BDU-nun əməkdaşı kimi çalışmağa başlayıb.
Görüşün sonunda xüsusi fəallığı ilə seçilən BDU könüllülərinə təşəkkürnamələr təqdim olunub.