BDU nümayəndələri sərgidə universitetin təhsil imkanlarını təqdim edirlər
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU nümayəndələri sərgi iştirakçılarına bu ali məktəbdəki ixtisaslar, təhsil və karyera imkanları, xarici ölkə universitetləri ilə ikili diplom proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı ətraflı məlumat verirlər. Həmçinin universitetin elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunur.
İyulun 31-dək davam edəcək sərgidə Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edir.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.