BDU-nun əməkdaşları Türkiyədə genom redaktəsi ilə bağlı təlimdə iştirak ediblər
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Aygün İsrayılova, Böyükxanım Cəfərzadə, Abdul Etibaroğlu, Əlibala Əliyev və Nurlan Əmrahov Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun təşkil etdiyi “Genom redaktəsi” (“Genom editing”) adlı nəzəri və praktiki təlimdə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Təlim genom redaktəsi üzrə təcrübəli mütəxəssislər Sami Doğanlar, Anna Frary, Hatice Şelale və Asena Akköse Baytar tərəfindən aparılıb. Təlim zamanı bitkilərdə genom redaktəsi texnologiyasının təşkili, bitkilərin müxtəlif stres faktorlarına davamlılığının artırılması məqsədilə neqativ genlərin mutasiya olunması, laboratoriya şəraitində plazmid konstruksiyası və onun bakteriyaya yeridilməsi, bitki hüceyrələrinin transformasiyası ilə stresə davamlı genotiplərin yaradılması haqqında geniş biliklər əldə olunub. Təlimdə BDU-da yaradılmış“Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının təkmilləşdirilməsi üzrə fəaliyyət planı, qarşılıqlı əməkdaşlığa dair digər məsələlər də müzakirə edilib.