BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə bir qrup əməkdaş və tələbəsi Vətən müharibəsi şəhidi, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nicat Əhmədovun doğum günü münasibətilə ailə üzvləri ilə görüşüb, məzarını ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Nicat Əhmədovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs olunub. Təhsil aldığı illərdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədovun əziz xatirəsinin müəllimlərinin, tələbə yoldaşlarının və universitet ictimaiyyətinin qəlbində daim yaşayacağı vurğulanıb.
Nicat Əhmədov 2016-2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsil alıb. O, 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.