BDU-nun tələbələri “Autizm və onunla mübarizə” sosial layihəsində iştirak ediblər
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbələri “Autizm və onunla mübarizə” adlı sosial layihədə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin tələbələri sosial layihələrdə fəal iştirak edirlər. Belə ki, 13 yaşlı autizmli yeniyetmə Sərvət Əhmədin valideyni Şəhla Əhməd və “International Language and Business Center” Tədris Mərkəzi BDU rəhbərliyinə müraciət edib. Məktubda BDU rəhbərliyindən yeniyetmənin inkişaf proqramına dəstək məqsədilə könüllü tələbələrin cəlb edilməsinə kömək göstərilməsi xahiş olunub. Müraciətə cavab olaraq fakültə tələbələrinin “International Language and Business Center” tərəfindən həyata keçirilən “Autizm və onunla mübarizə” sosial layihəsində iştirakı təmin edilib.
Layihəyə qoşulan tələbələrə mərkəz əməkdaşları tərəfindən təlimlər və onların autizmli yeniyetmə ilə praktik məşğul olmalarına nəzarət həyata keçirilib. Proqramda iştirak edən tələbələrin təlim müddəti üç ay olub. Təlimlər Azərbaycan, rus və ingilis dillərində aparılıb. Tələbələr təlim ərzində autizmlə bağlı nəzəri biliklərə yiyələnib, bu xəstəliyi daşıyan şəxslərlə düzgün çalışma formalarını öyrəniblər. Üç ay davam edən təlim prosesinin son iki ayında tələbələr mütəxəssislərin nəzarəti altında Əhməd Sərvətlə praktik olaraq məşğul olublar.
Təlimin sonunda tələbələrin “International Language and Business Center” Tədris Mərkəzi ilə əməkdaşlığına həsr olunmuş tədbir keçirilib. Təlimlərdə fəal iştirak edən tələbələrə sertifikatlar verilib.
Təlim müddətində fərqlənən tələbələrdən bir neçəsinin mərkəzdə işlə təmin edilməsi nəzərdə tutulub.