BDU tələbələri ilə “YARAT” Müasir İncəsənət Mərkəzi nümayəndələrinin görüşü
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “YARAT” Müasir İncəsənət Mərkəzi nümayəndələrinin tələbələrlə görüşü olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə Mərkəzin əməkdaşları Leyla Məmmədzadə, Zəhra Məmmədova və Mina Abbasova təqdimatla çıxış edərək tələbələrə təşkil olunan yerli və beynəlxalq sərgilər, müasir incəsənətin əsas komponentlərini özündə əks etdirən mədəni layihələr barədə məlumat veriblər.
Qeyd olunub ki, “YARAT” sərgilərin, təhsil proqramları və festivalların təşkil olunması vasitəsilə öz missiyasını həyata keçirir. Mərkəz Azərbaycanda müasir incəsənəti inkişaf etdirmək, ölkədə bu sahədə kolleksiyaçıların sayını artırmaq, biznes və qeyri-biznes şəbəkəsini genişləndirmək, müasir incəsənət pərəstişkarlarını bir araya toplamaq məqsədilə fəaliyyət göstərir.