ELM VƏ TƏHSİL
BDU tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşası nümayiş olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə universitet tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşası nümayiş olunub.
Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə hazırlanan tamaşada müxtəlif fakültələrin istedadlı tələbələri şəhid olmuş qəhrəman oğullarımızın, onların ailə üzvlərinin obrazlarını məharətlə yaradıblar.
Səhnə əsərinin nümayişindən əvvəl BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu Eltac Abbasov tamaşa ilə bağlı fikirlərini AZƏRTAC-a bölüşüb. “Tamaşada 1992-ci il şəhidlərindən olan Farizin obrazını canlandırmışam. Obrazım şairtəbiətli və lider ruhlu şəxsdir. Onun obrazını canlandırmaq daha fərqli hisslər yaşadır”,- deyə o qeyd edib.
BDU-nun Mexanika-riyaziyyat fakültəsinin sonuncu kurs tələbəsi Fidan Sultanova ifa etdiyi rolun böyük məsuliyyət tələb etdiyini diqqətə çatdırıb: “Şəhid Sabirin anasını canlandırdım. Mənim obrazım bütün şəhid analarının timsalındadır. Obraza alışmaq üçün uzun vaxt sərf etməli oldum. Həm məsuliyyətli, həm də çox təsirli obrazdır. Hər dəfə son səhnədə axıtdığım göz yaşları bunun bariz nümunəsidir”.
Əsərin müəllifi Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.
Səhnə əsərində rolları Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu, tələbələr Eltac Abbasov, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Ramazan Ramazanlı, Tural Behbudov, Fidan Sultan, Mədinə Hüseynzadə, Nuran Atakişiyev ifa ediblər.