BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlandı
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-i saat 11:00-dan Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı başlanır. Qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-dək davam edəcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, abituriyentlər mygov ID (vahid giriş sistemi) vasitəsilə “mygov” rəqəmsal hökumət platformasındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsi tərəfindən təsdiqlənməyən abituriyentlər tələbə sıralarına qəbul edilməyəcəklər.