BELARUS PARLAMENTİNİN DEPUTATI AZƏRBAYCANDAKI İNKİŞAFDAN MƏMNUNDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Belarus Milli Məclisi Nümayəndələr Palatasının deputatı Sergey Kamenetski mayın 8-də Milli Məclisin Azərbaycan-Belarus parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşmüşdür.
İşçi qrupunun üzvü, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə qonağa Azərbaycan parlamentinin fəaliyyəti, qanunların hazırlanma mexanizmi, qanunvericilik bazası, qəbul edilən sənədlər barədə ətraflı məlumat vermişdir.
İşçi qrupunun digər üzvü, iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə ölkəmizin iqtisadi potensialı, həyata keçirilən islahatlar, parlamentlərarası işçi qruplarının fəaliyyətindən söhbət açmışdır. Natiq Azərbaycanın Belarus kimi zəngin təbii ehtiyatlara malik olan bir ölkə ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir.
Sergey Kamenetski Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illiyi ilə əlaqədar respublikada keçirilən yubiley tədbirlərində iştirak etmək məqsədi ilə ölkəmizdə olduğunu diqqətə çatdırmışdır. Qonaq Azərbaycanın ona çox doğma olduğunu, Bakıda Ali Hərbi Məktəbi bitirdiyini bildirmişdir. O, son gəlişindən sonra Bakının dəyişən simasından, respublikada müşahidə etdiyi iqtisadi dirçəlişdən məmnunluğunu ifadə etmişdir.
Görüşdə Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç iştirak etmişdir.