İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır
Bakı, 8 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xətti gündəlik təxminən 8-10 min müraciət qəbul edir. Əfsuslar olsun ki, qəbul edilən müraciətlərin mütləq əksəriyyəti, yəni 80 faizi əsassız çağırışlardır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov deyib.
O qeyd edib ki, “112” mobil tətbiqi isə əlçatanlığın yüksəldilməsi məqsədilə yaradılıb. “Mobil tətbiqi artıq “Google Play” və “App Store” vasitəsilə yükləmək mümkündür. Tətbiqin bizə verdiyi ən böyük üstünlük lokasiyanın daha dəqiq təyin olunmasıdır. İstifadəçi “112” mobil tətbiqinə daxil olduqda dərhal operatorlar tərəfindən hadisənin baş verdiyi ünvan avtomatik qaydada xəritə proqram təminatında görünür”, - deyə Nizami Əsədov bildirib.
İdarəsi rəisi qaynar xəttə daxil olan müraciətlər sırasında xarici ölkə vətəndaşları və əcnəbilərin olduğuna da diqqət çəkib: “Bu müraciətlərin qəbulunun daha yüksək səviyyədə təşkili məqsədilə bir neçə xarici dil bilən operatorların hər növbədə olması təmin edilib”.