SİYASƏT
Belarusun paytaxtında MDB çərçivəsində “Mənzil siyasəti və mənzil quruculuğu” beynəlxalq forumu keçiriləcəkdir
Minsk, 12 noyabr (AZƏRTAC). Noyabrın 13-15-də Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyi MDB-nin Tikinti fəaliyyətində əməkdaşlıq üzrə hökumətlərarası şurasının Katibliyi ilə birlikdə Belarusun paytaxtında “Mənzil siyasəti və mənzil quruculuğu” beynəlxalq forumu keçirəcəkdir. Bu barədə AZƏRTAC-a Minskdə Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat vermişlər.
Forum çərçivəsində “Belarus Respublikasında və MDB ölkələrində dövlət mənzil siyasəti” (13 noyabr) və “Sənaye üsulu ilə fərdi mənzil tikintisinin arxitekturasında, təşkilində və texnologiyasında müasir meyillər” (14 noyabr) beynəlxalq elmi-texniki konfransları təşkil ediləcəkdir.
Tədbirin proqramında noyabrın 15-də xarici ölkə iştirakçıların Minskdə tarixi tikililərə və kütləvi mənzil tikintisi obyektlərinə baxması nəzərdə tutulmuşdur.
Xatırladırıq ki, MDB-nin Tikinti fəaliyyətində əməkdaşlıq üzrə hökumətlərarası şurası 1994-cü ildə yaradılmışdır. Onun tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Ermənistan nümayəndələri daxildirlər. Şuranın xətti ilə keçirilən tədbirlərdə Türkmənistan və Özbəkistan nümayəndələri də iştirak edirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk