SİYASƏT
Belarusun paytaxtında MDB üzvü olan dövlətlərdə gənclərin işləri üzrə şuranın iclası keçirilir
Minsk, 15 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, noyabrın 14-15-də Belarusun paytaxtında MDB üzvü olan dövlətlərdə gənclərin işləri üzrə şuranın iclası keçirilir. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər.
Forumun işində MDB Icraiyyə Komitəsi sədrinin müavini - icraçı katib Toktasın Buzubayev iştirak edir.
O iclasın gündəliyini təhlil edərək demişdir ki, məsələlərin siyahısında Şuranın Bişkekdə keçirilmiş əvvəlki iclasının qərarlarında olan əsas tapşırıqlar öz əksini tapmışdır: “MDB-nin gənclər paytaxtı” müsabiqəsi haqqında əsasnamənin, sosial şəbəkələrdə gənclərlə iş, Birliyə üzv dövlətlərin mədəniyyəti və tarixi haqqında gənclərin məlumatlarının artırılması planları layihələrinin və başqa layihələrin işlənib hazırlanması.
T.Buzubayev bildirmişdir ki, noyabrın 20-də Sankt-Peterburqda MDB dövlətləri hökumət başçılarının iclasında 2020-ci ilədək olan dövr üçün Birliyə üzv dövlətlərin gənclərinin beynəlxalq əməkdaşlıq strategiyasının həyata keçirilməsi sahəsində 2014-2015-ci illər üçün Tədbirlər planı nəzərdən keçiriləcəkdir.
Minskdə keçirilən iclasda 2016-cı ilin MDB-də Volontyor ili elan edilməsi təşəbbüsü, “MDB üçün 100 ideya” gənclər layihəsi nəzərdən keçirilir, “UniVision” beynəlxalq tələbə müsabiqəsi, Birlikdə gənclər arasında simulyasiya oyunlarının keçirilməsi təcrübəsi və perspektivləri müzakirə olunur.
Bundan başqa, Şuranın üzvləri “MDB-nin gənclər paytaxtı” beynəlxalq müsabiqəsi haqqında əsasnamənin layihəsini, təşkilata üzv ölkələrdə fəhlə və kəndli gənclər barəsində gənclər siyasətinin həyata keçirilməsini və bir sıra başqa məsələləri müzakirə edirlər.
Xatırladırıq ki, MDB üzvü olan dövlətlərdə gənclərinin işləri üzrə şura 2005-ci ildə yaradılmışdır. Onun tərkibinə Azərbaycan (2013-cü ildə sədr), Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistan nümayəndələri daxildirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk