BƏLƏDİYYƏLƏRDƏ İCTİMAİ İNFORMASİYALARIN AÇIQLANMASININ SƏMƏRƏLİ MEXANİZMLƏRİ YARADILMALIDIR
AZƏRTAC xəbər verir ki, aprelin 17-də Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının səmərəli mexanizmlərinin yaradılması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirmişdir ki, Counterpat İnternational təşkilatının dəstəyi ilə həyata keçirilən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” layihəsi çərçivəsində indiyədək Bərdə və Lənkəran bələdiyyələrinin internet resursları yaradılmış, bələdiyyə üzvləri və qulluqçuları ilə, informasiya resursları ilə işləyəcək şəxslərlə treninqlər təşkil edilmişdir.
AVCİYA-nın eksperti Vüqar Tofiqli bələdiyyələrin fəaliyyətini əks etdirən informasiya resurslarının vəziyyətini təhlil etmiş, 14 bələdiyyədə internet saytının yaradıldığı, 12 yerli özünüidarəetmə orqanında isə hazırlıq işlərinin aparıldığı barədə məlumat vermişdir. Layihə çərçivəsində 100 bələdiyyədə donor təşkilatların dəstəyi ilə “Elektron bələdiyyə” proqramının həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.
Milli Məclisin, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, bələdiyyələrin nümayəndələrinin, ekspertlərin iştirakı ilə Nəsimi və M.Rəsulzadə bələdiyyələrinin yeni yaradılmış saytlarının təqdimatı da keçirilmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.