Belqrad Universitetində Azərbaycanın Müstəqillik Günü ilə bağlı konfrans olub
Belqrad, 20 may, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyinin və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamı xatırladıb.
Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşı Mehriban Tağıyeva iki dost ölkə arasındakı mədəni əlaqələrin qurulmasının tarixi, inkişaf mərhələləri və bugünkü vəziyyəti haqqında məlumat verib.
Azərbaycan-Serbiya dostluq münasibətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Belqrad Universitetinin professoru Kseniya Aykut çıxışında ölkələrimiz arasındakı dostluğu, universitetlərimiz arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.
Digər çıxış edənlər Azərbaycan tarixinin şanlı səhifələrinə nəzər salıblar. Azərbaycan dilini xarici dil kimi seçən tələbələrdən Anastasiya Mihaylova Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şerini, Yelena Markoviç isə Səməd Vurğunun “Azərbaycan” şerini səsləndiriblər. Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı barədə ətraflı məlumat verilib, builki festivalın təkcə Şuşada deyil, eləcə də Qarabağın ən gözəl şəhərlərindən biri olan Laçında keçirildiyi bildirilib.
Konfransda universitetin müəllim və tələbələri, Belqradda yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad