Bərdə rayonunda indiyədək 23 mindən çox sakin müayinə edilmişdir
Bərdə, 6 mart (AZƏRTAC, Tahir Ağaməmmədov). Dövlətimizin səhiyyənin inkişafına göstərdiyi qayğının, əhalinin sağlamlığının qorunmasına diqqətinin göstəricisidir ki, son illər Bərdədə Müalicə Diaqnostika Mərkəzi, ağ ciyər xəstəlikləri dispanseri inşa edilmiş, doğum evi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanasının iki korpusu əsaslı təmir olunmuş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir. Bu, bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb olunmasına dair Prezident İlham Əliyevin tapşırığını yüksək səviyyədə həyata keçirməyə imkan yaradır.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya AZƏRTAC-a müsahibəsində bu haqda məlumat verərək demişdir ki, humanitar aksiyanın mütəşəkkilliyini təmin etmək üçün müvafiq komissiya yaradılmış, səhiyyə müəssisələrində iş qrafiki tərtib edilmişdir. Rayon sakinləri mərkəzi rayon xəstəxanalarında, müalicə diaqnostika mərkəzində və şəhər poliklinikasında müayinə olunurlar. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 15 həkim briqadası tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsi həyata keçirilir. Fevralın 17-dən indiyədək 23 mindən çox vətəndaş tibbi müayinədən keçirilmişdir. Müayinə olunmuş sakinlərdən 697-si ambulator, 172-si stasionar müalicəyə cəlb edilmiş, 52 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Hazırda rayonda tibbi müayinələr uğurla davam edir.
Bərdə şəhər poliklinikasının müdiri Mehdi Mehdizadə bildirmişdir ki, qrafikə əsasən ilkin olaraq idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri müayinədən keçirilir. Yaşlılara və yataq xəstələrinə evlərində səyyar briqadalar xidmət göstərir. Müayinələri əsasən terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Poliklinikada müayinədən keçən rayon sakini Şamxal Abdullayev vətəndaşların sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə keçirilən aksiyanı yüksək qiymətləndirmişdir.