Bərdə rayonunun 59 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi başa çatmışdır
Bərdə, 12 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsi kampaniyası Bərdə rayonunda uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Rəna Mustafayeva AZƏRTAC-a bildirmişdir ki, əhalinin tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında aparılır. Bundan əlavə, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 15 səyyar həkim briqadası tərəfindən rayonun kəndlərində müayinəyə gəlmək imkanları olmayanların, yaşlıların, yataq xəstələrinin tibbi müayinəsi həyata keçirilir.
Fevralın 17-dən indiyədək 79 min 857 nəfər vətəndaş müayinə olunmuşdur. Müayinələri əsasən terapevt, cərrah, oftalmoloq, ginekoloq, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar rentgen, kardioqrama, ultrasəs, laborator və sair müayinələrdən keçirilir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Hazırda səyyar həkim briqadaları rayonun kəndlərində müayinələri davam etdirirlər. Tibbi aksiya başlayandan bu günədək 59 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi həyata keçirilmişdir. Tərtib edilmiş qrafikə əsasən, növbəti səyyar müayinələr Ərəblər kəndində aparılmışdır.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən kənd sakinləri Süleyman Ağayev və Almaz Yusifova müayinələrin təşkilindən, yaradılan şəraitdən razılıqlarını ifadə edərək, insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.