Bərdə rayonunun səkkiz minə yaxın sakini pulsuz tibbi müayinədən keçmişdir
Bərdə, 22 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi Bərdə rayonunda da uğurla davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Vahid Qarayev AZƏRTAC-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək üçün müvafiq komissiya yaradılmış, səhiyyə müəssisələrində iş qrafiki tərtib edilmişdir. Rayon sakinləri mərkəzi rayon xəstəxanalarında, Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında müayinə olunurlar. Bundan başqa yüksək ixtisaslı mütəxəssislərdən ibarət 15 həkim briqadası tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Fevralın 17-dən indiyədək 7874 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Hazırda rayondakı səhiyyə müəssisələrində tibbi müayinələr uğurla davam edir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi İftixar Zeynalov AZƏRTAC-a bildirmişdir ki, ölkə başçısının tapşırığına əsasən keçirilən aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. Əhalinin müayinəsi tərtib edilmiş qrafik üzrə aparılır. Sakinlər terapevt, cərrah, lor, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən keçirilir. Xəstəlik aşkar edilmiş sakinlər stasionar və ambulator müalicəyə cəlb edilir.
Prezident İlham Əliyevin ölkə əhalisinin sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bərdə şəhər sakini Südabə Kərimova AZƏRTAC-a müsahibəsində yaradılan şəraitdən razı qaldığını bildirərək demişdir: Boğazımdan əməliyyat olunmuşam. Bu gün Diaqnostika Mərkəzinə gəldim, həkimlər məni hərtərəfli müayinə etdilər. Bizə göstərilən bu diqqət və qayğıya görə Prezidentimizə minnətdaram.