CƏMİYYƏT
BƏRDƏ VƏ YEVLAX RAYONLARINDA YENİ SƏHİYYƏ OBYEKTLƏRİ AÇILMIŞDIR
Bu münasibətlə keçirilən mərasimdə respublikanın səhiyyə naziri Oqtay Şirəliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev xəstəxananın açılışını bildirən rəmzi lenti kəsdikdən sonra qonaqlar xəstəxana ilə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, 16 il bundan əvvəl inşaasına başlanmış uşaq xəstəxanasının tikintisi yarımçıq qalmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, bu il xəstəxananın bərpasına başlanmış, bu iş qısa müddətə başa çatdırılmışdır.
Xəstəxanada uşaqların keyfiyyətli müayinəsi üçün bütün şərait yaradılmışdır. Burada müasir tibbi avadanlıq quraşdırılmış, işçi heyətinin otaqları genişləndirilmiş, elektron tərəzilər, laborator müayinələrin yeni üsullarla aparılması üçün kompyuter sistemi formalaşdırılmışdır. Xəstəxananın qızdırıcı sistemi yenidən qurulmuş, su, elektrik enerjisi təminatı müasir səviyyədə həll olunmuşdur.
Mərasimdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Etibar Mirzəyev, uşaq xəstəxanasının baş həkimi Həqiqət Həsənova və digər natiqlər səhiyyəyə göstərdiyi diqqət və qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda nazir Oqtay Şirəliyev rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etmiş, tibb işçilərinin problemləri ilə maraqlanmışdır.
X X X
Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Yevlax şəhərində təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının regional məntəqəsi açılmışdır.
Səhiyyə naziri Oqtay Şirəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni tibb müəssisəsinin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra iştirakçılar təcili yardım stansiyası ilə yaxından tanış olmuşlar. Bildirilmişdir ki, Azərbaycanda Təcili tibbi yardımın inkişafı təşəbbüsü layihəsi Beynəlxalq Tibb Korpusu tərəfindən, Con Hopkins Universiteti və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ilə birgə həyata keçirilir.
Regional məntəqə müasir standartlara cavab verən avadanlıq, maşın, tibbi texnika ilə təmin edilmişdir.
Sonra bu məqsədlə alınmış təcili yardım maşınlarının açarları Ağdam, Yevlax, Beyləqan, İmişli, Xocavənd, Laçın, Füzuli, Tərtər, Bərdə, Göyçay, Zərdab, Ağcabədi rayonlarının, Mingəçevir şəhərinin mərkəzi xəstəxanalarının baş həkimlərinə təqdim olunmuşdur.
Məntəqənin açılışında Milli Məclisin deputatı İlham Məmmədov iştirak etmişdir.