Bərdədə aparılan müayinələr nəticəsində 2353 sakin ambulator və stasionar müalicəyə cəlb edilmişdir
Bərdə, 29 mart (AZƏRTAC, Tahir Ağaməmmədov). Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Bərdə rayonunda da uğurla davam etdirilir.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya AZƏRTAC-a bildirmişdir ki, sakinlər mərkəzi rayon xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında müayinə olunurlar. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 12 həkim briqadası tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi aparılır. Fevralın 17-dən indiyədək 89 idarə, müəssisə və təşkilatların kollektivləri, 28 yaşayış məntəqəsinin sakinləri olmaqla 49 min 083 nəfər müayinədən keçirilmişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirmişdir ki, Bərdənin tibb işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn aksiyada fəal iştirak edirlər. Yaşlılara, yataq xəstələrinə və ucqar kəndlərin sakinlərinə səyyar briqadalar xidmət göstərir. Müayinələri əsasən, terapevt, cərrah, oftalmoloq, ginekoloq, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb mütəxəssisləri aparırlar. İndiyədək müayinə olunmuş sakinlərdən 2066-sı ambulator, 287-si stasionar müalicəyə cəlb edilmiş, 92 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müvafiq müalicə kursları təyin edilir.
Səyyar briqadalar tərəfindən növbəti müayinələrin keçirildiyi Qaradırnaq kənd həkim məntəqəsi 2012-ci ildə istifadəyə verilmişdir. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa olunan məntəqədə əhaliyə tibb xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Müayinədən keçən kənd sakini Manaf Səmədov həkimlərdən, yaradılan şəraitdən razılıq edərək demişdir:
- Kəndimizdə müayinələr aparılması sakinlərin sevincinə səbəb olub. Həkimlər və tibb işçiləri bizə qayğıkeş münasibət bəsləyirlər. Yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razıyıq. Buna görə dövlətimizə və Prezidentimizə minnətdarıq.
Laçın rayonundan olan məcburi köçkün Firuzə Cavadova isə fikirlərini belə ifadə etmişdir:
- Kənd sakinlərinin çoxu müayinə üçün rayon mərkəzinə gedə bilmir. Həkimlərin kəndimizə gələrək bizi burada müayinə etməsi hamımızın ürəyincədir. Digər sakinlər kimi, mən də ətraflı müayinə olundum. Bizə belə bir şərait və imkan yaratdığı üçün hörmətli Prezidentimizə ürəkdən təşəkkür edirik.