ELM VƏ TƏHSİL
Berlində alman-Azərbaycan ekspedisiyasının Kamiltəpədə apardığı arxeoloji qazıntılarının nəticələrinə dair tədbir keçirilmişdir
Berlin, 19 noyabr (AZƏRTAC). Berlinin Azad Universitetində Almaniya Arxeoloji İnstitutunun əməkdaşı Barbara Helvinq “Mil düzündə neolit dövrünə aid mikrolandşaft. Kamiltəpədə alman-Azərbaycan ekspedisiyasının axtarışlarının ilk nəticələri“ mövzusunda məruzə etmişdir.
Məruzəçi Cənub-qərbi Azərbaycanda - Mil düzü, Qarabağ dağlarının ətəklərində, Ağcabədi rayonunun 30 kilometrliyində yerləşən Kamiltəpədə ilk oturaq yaşayış məskənlərinin axtarışına dair ətraflı məlumat vermişdir. Onun sözlərinə görə, Kamiltəpədə arxeoloji qazıntılar Mil düzündə ilk oturaq yaşayış yerlərinin ilk olaraq maddi mədəniyyətini üzə çıxararaq buranın sakinlərinin həyat tərzini öyrənmək və onun təsnifatı məqsədi ilə başlanmışdır. Arxeoloji qazıntı işləri 2009-cu ildən bəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə elmi əməkdaşlıqda aparılır. Barbara Helvinq Kamiltəpədə tapılan saxsı qablar, fiqurlar, qiymətli daşlar və tikililər haqqında dinləyicilərə məlumat vermiş, onları yaxın qonşuluqda - Türkiyə və İranda aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalarla müqayisə etmişdir. B.Helvinqin fikrincə, Kamiltəpədə ilk yaşayış məskənləri Miladdan əvvəlki 5-ci minilliyə aiddir.
Məruzədən sonra Barbara Helvinq dinləyicilərin suallarını cavablandırmışdır. Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Ramil Fərzəliyev, Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin əməkdaşı Naibə Hantel, eləcə də arxeoloji layihənin üzvləri, Azad Universitetin əməkdaşları və tələbələr iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin