BERLİNDƏ AZƏRBAYCAN CƏMİYYƏTLƏRİ FEDERASİYASININ OFİSİ AÇILMIŞDIR
Federasiyanın sədri Nüsrət Dilbəstə rəhbərlik etdiyi qurumun ölkəmizin haqq səsinin Almaniya ictimaiyyətinə çatdırılmasında, habelə mədəniyyətimizin təbliğində böyük rolu olacağını bildirmiş, Azərbaycan rəhbərliyinin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində apardığı ardıcıl siyasəti yüksək qiymətləndirdiklərini söyləmişdir.
Azərbaycan hökumətinin xaricdə yaşayan həmvətənlərimizə qayğısından danışan N.Dilbəstə ofisin açılışını bu qayğının təzahürü kimi dəyərləndirmişdir.
O, xüsusilə nəzərə çarpdırmışdır ki, ofisdə təşkilatlanan dərnək və cəmiyyətlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Avropa Azərbaycanlıları Konqresinin himayəsi və dəstəyi ilə doğma Vətən naminə həmrəylik nümayiş etdirəcəklər.
Tədbirdə təbrik sözü söyləyən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev diasporumuzun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və təbliğində əvəzsiz rolunu vurğulamış, Azərbaycan və türk icmasının birgə fəaliyyətinin ümumi maraqlarımıza xidmət edəcəyinə inamlarını bildirmişlər.
Federasiyanın fəaliyyətinə uğurlar arzulayan natiqlər, diaspor təşkilatlarımızın işinin təkmilləşdirilməsi üçün dəstək göstərəcəklərini söyləmişlər.
Bildirilmişdir ki, ofis tezliklə Azərbaycanın tarixinə, mədəniyyətinə dair əyani vəsaitlə, habelə Azərbaycan dilinin tədrisi məqsədilə dərsliklə təmin ediləcəkdir.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin işçiləri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Avropa Azərbaycanlıları Konqresinin, Atatürkçü Düşüncə Dərnəyinin və İraq Türkmənləri Cəmiyyətinin fəalları, “Yeni körpü” jurnalının redaksiya heyəti, habelə Azərbaycan və türk diasporunu birləşdirən digər cəmiyyət və dərnəklərin təmsilçiləri iştirak etmişlər.