BEŞİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ GEOFİZİKA KONFRANSI ÖZ İŞİNİ DAVAM ETDİRİR
Beynəlxalq tədbirin ikinci günü əsasən Azərbaycan geofizikləri və bp şirkətinin mütəxəssisləri çıxış etmişlər. Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyi, Azərgeofizika Elmi Tədqiqat İnstitutu, AMEA-nın Geologiya İnstitutu, Dövlət Neft Akademiyası, “Xəzərdənizneftgeofizkəşfiyyat” Tresti, bp şirkətinin nümayəndələrinin geofiziki tədqiqatların metodikasının təkmilləşdirlməsinə dair məruzələri maraqla dinlənilib müzakirə olunmuşdur.
Azərbaycan Milli Geofizika Komitəsinin və Amerika Kəşfiyyat Geofizikləri Assosiasiyası Azərbaycan bölməsinin prezidenti, ARDNŞ Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin baş direktoru, AMEA-nın müxbir üzvü Kərim Kərimov demişdir ki, forumda iştirak edən xarici qonaqlar mütəxəssislərimizin peşəkarlığına, elmi ümumiləşdirmə və nəticələrinə yüksək qiymət verirlər. Onlar geofiziklərimizin məruzələrinə böyük maraq göstərirlər. Yeri gəlmişkən, konfransda 80-dən artıq məruzə dinlənilməlidir. Bu məruzələrdə Azərbaycanda dərin qatların neftlilik-qazlılığı və yeni neft və qaz yataqlarının axtarışı, neftli-qazlı hövzələrdə yer qabığının deformasiyaları, qeyri-antiklinal tələlərin neftlilik-qazlılıq perspektivləri, Cənubi Xəzər çökəkliyində neftlilik-qazlılığın geodinamik zəminləri və sair məsələlərdən bəhs olunacaqdır. Tədbirdə mühüm geologiya, geofizika, geodinamika, mühəndis geologiyası, seysmologiya, geoekologiya problemləri müzakirə olunduğu üçün sessiyalardan əlavə bölmə iclasları da fəaliyyət göstərir.
Beynəlxalq konfrans öz işini davam etdirir.