Beşinci sinif şagirdləri arasında müxtəlif fənlər üzrə keçirilən monitorinqin nəticələri təhlil edilib
Bakı, 30 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 12 nömrəli tam orta məktəbdə 3 gün təşkil olunan görüşdə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Beşinci sinif şagirdləri arasında tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən monitorinqin nəticələrinin təhlilinə həsr olunan görüşdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev monitorinqin nəticələri ilə bağlı geniş məlumat verib. O, beşinci siniflər üzrə təlim nailiyyətlərinin qənaətbəxş olduğunu diqqətə çatdırıb, müvafiq tapşırıq və tövsiyələrini verib. Bildirib ki, gələcəkdə də bu tipli monitorinqlərin davam etdirilməsi zəruridir.
Sonra məktəb direktorları çıxış edərək rəhbərlik etdikləri təhsil müəssisələrinin nəticələrinə dair fikirlərini bildiriblər.
Daha sonra görüş məruzələr əsasında müzakirələrlə davam edib.
Xatırladaq ki, ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə keçirilən monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib.
Monitorinq 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin müəyyənləşdirdiyi prioritet fəaliyyət istiqamətlərinə əsasən təşkil olunub.