İQTİSADİYYAT
“B.EST Solutions” Avropa Rəqəmsal İdentitet Assosiasiyasının üzvlüyünə qəbul edilib
Bakı, 21 iyul, AZƏRTAC
"Asan imza" mobil elektron imza xidmətinin operatoru olan "B.EST Solutions" şirkəti Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının (ARİTA) üzvü seçilib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "B.EST Solutions" şirkətinin fəaliyyəti başlıca olaraq dövlət və özəl sektorda elektron idarəetmə sistemləri üçün effektiv həllərin hazırlanması, eləcə də rəqəmsal identitet və elektron imza xidmətlərinin göstərilməsi üzərində qurulub. Şirkət Azərbaycanda elektron hökumətin yaranması və inkişafında əsas iştirakçılardan biridir.
1987-ci ildə yaradılmış ARİTA Avropa regionunda vahid rəqəmsal bazar konsepsiyasının təşviqi məqsədilə öz üzvləri, dövlət təşkilatları və qanunverici orqanlar arasında fəaliyyəti koordinasiya edən nüfuzlu Avropa beyin mərkəzidir. Assosiasiyanın üzvləri olan təşkilat və şirkətlər rəqəmsal identitetin idarə edilməsi, onlayn autentifikasiya, RFID, smart-kartlar, biometrik texnologiyalar və digər sahələrdə fəaliyyət göstərir.
"Hazırda bir çox ölkələr vətəndaş cəmiyyətinin rəqəmsal transformasiyası və modernləşdirilməsi çağırışlarına cavab olaraq elektron identitet texnologiyalarının vacibliyini qəbul edir. Ümid edirik ki, ARİTA daxilində digər həmkarlarımızla birlikdə mobil identitet xidmətləri göstərən provayderlərin qlobal şəbəkəsinin qurulmasına və bu texnologiyanın vahid standartlarını müəyyən etməyə nail olacağıq ", - deyə "B.EST Solutions" şirkətinin təsisçisi Yana Krimpe rəhbərlik etdiyi şirkətin Avropa Rəqəmsal İdentitet Assosiasiyasına daxil olmasını şərh edərkən qeyd edib.
ARİTA-nın sədri Con Şama deyib: “Bu şirkətin mobil identitet sahəsindəki təcrübəsi assosiasiyamızın digər üzvləri üçün də faydalı olacaq. ARİTA olaraq biz "B.EST Solutions" şirkətinə Azərbaycan və Avropa arasında sərhədlərarası mobil identitet xidmətlərinin tətbiqinə dair birgə səylərin həyata keçirilməsi istiqamətində dəstəyimizi əsirgəməyəcəyik”.
"B.EST Solutions" şirkəti Azərbaycanın mobil elektron imza texnologiyası "Asan imza" barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, eləcə də ölkənin İKT sektorunun ixrac-investisiya potensialının artırılması istiqamətində ARİTA-nın resurs və imkanlarından fəal istifadə edəcək. Bununla bağlı olaraq, şirkət Avropa Komissiyasının "STORK 2.0" və "FutureID" layihələrinə qatılmağı, eləcə də innovativ Azərbaycanın nailiyyətlərinin təqdimatı məqsədilə bir çox nüfuzlu beynəlxalq tədbirlərdə iştirakını davam etdirməyi planlaşdırır.