BƏSTƏKARIN YAŞADIĞI BİNAYA XATİRƏ LÖVHƏSİ VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə unudulmaz bəstəkarımız, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin yaşadığı binada (N.Nərimanov prospekti 201) xatirə lövhəsinin açılışı olmuşdur. Tədbirin Qəmbər Hüseynlinin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı əsasında həyata keçirildiyini vurğulayan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və yaradıcılığının bəzi məqamlarından danışmışdır. O bildirmişdir ki, 1916-cı il aprelin 16-da Gəncədə anadan olmuş bəstəkar 1954-cü ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbini (B.Zeydmanın bəstəkarlıq sinfini) bitirmişdir. Onun mahnı və romansları lirizmi, yeni intonasiyaları ilə fərqlənir. Natiq dediklərinə sübut kimi bəstəkarın “Cücələrim” “Ay işığında”, “İlk məhəbbət”, “Tellər oynadı”, “Tel nazik”, “Çeşmə başında” və sair mahnılarını misal gətirmişdir.
Ə.Vəliyev xatirə lövhəsinin müəllifi heykəltəraş Zeynalabdin İskəndərova təşəkkür etmişdir.
Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov diqqətə çatdırmışdır ki, Q.Hüseynli böyük Üzeyir Hacıbəyovun layiqli davamçılarından olmuşdur. 45 il ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin irs qoyub getmişdir. Ü.Hacıbəyovun təklifi ilə “Sazçı qızlar” ansamblını yaradan Q.Hüseynli ansambl üçün 55 mahnı yazmışdır. Bəstəkar müxtəlif musiqi janrlarında əsərlər yaratsa da, istər musiqi tariximizdə, istərsə də xalqımızın yaddaşında lirik mahnılar müəllifi kimi qalmışdır. O, 300-dən artıq mahnı yazmışdır. Həmin mahnıların çoxu görkəmli müğənnilərimizin ifasında oxunmuş və bu gün də səslənməkdədir.
Mərasimdə xalq artisti, bəstəkar Faiq Sücəddinov, məşhur “Cücələrim” mahnısının ilk ifaçısı, Muğam Teartının direktoru Arif Qazıyev, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi və başqaları mərhum bəstəkarın həyat və yaradıcılığı barədə öz fikirlərini bölüşmüşlər. Qəmbər Hüseynlinin həm də gözəl ailə başçısı olduğu vurgulanmışdır.
Nəsimi Hüseynli atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə ailə üzvləri adından dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, tədbirin təşilatçılarına və iştirakçılarına təşəkkür etmişdir.
Xatirə lövhəsinin önünə əklil və gül-çiçək dəstələri qoyulmuşdur.
