Beyləqan rayonunun 34 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi başa çatmışdır
Beyləqan, 11 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov AZƏRTAC-a bildirmişdir ki, rayonda sakinlərin kütləvi müayinəsinin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq görülmüş, səhiyyə müəssisələrində lazımi şərait yaradılmışdır.
Sakinlər rayon mərkəzi xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Əsaslı təmirdən çıxmış rayon mərkəzi xəstəxanası isə ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmişdir.
Vətəndaşlar müxtəlif ixtisaslı həkimlərin müayinəsindən, o cümlədən kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Bundan əlavə, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun ucqar kəndlərində də əhalinin tibbi müayinəsi aparılır. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müalicəyə cəlb edilirlər.
İndiyədək 34 yaşayış məntəqəsinin sakinləri olmaqla 42300 nəfər tibbi müayinədən keçmişdir. Xəstəlik aşkar edilən vətəndaşlardan 1987-si ambulator, 222-si stasionar müalicəyə cəlb edilmiş, 201 nəfər müalicə olunmaq üçün Bakıya göndərilmişdir.
Rayon əhalisi dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədi ilə müvafiq tapşırığının yüksək səviyyədə icrasından razılıq edirlər. Beyləqan şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Vüqar Abbasov bildirmişdir ki, müayinə zamanı onda hipertoniya xəstəliyi aşkarlanmış və uyğun müalicə kursu təyin edilmişdir.
Vüqar Abbasov əhalinin sağlamlığına göstərdiyi yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.