REGİONLAR
Beyləqanda əhaliyə ödənişsiz xidmət göstərən hüquqi məsləhət mərkəzi fəaliyyət göstərir
Layihə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, cari ilin mart ayında bu rayonda layihə çərçivəsində görülən işlərin nəticələrinə dair forum keçirilib. İyunda layihə çərçivəsində Beyləqan rayonunda yerli və məcburi köçkün uşaqlar arasında adaptasiyanın gücləndirilməsi məqsədilə “Uşaqları qoruyaq - onlar bizim gələcəyimizdir” mövzusunda tədbir təşkil edilib. Tədbirdə bir-birindən maraqlı teatr səhnəcikləri, musiqi ifaları səsləndirilib və gözəl rəqslər nümayiş etdirilib, 100-dən çox uşağa hədiyyələr təqdim olunub. Layihə çərçivəsində, həmçinin Beyləqanda məcburi köçkün və yerli əhali üçün ödənişsiz xidmət göstərən hüquqi məsləhət mərkəzi açılıb.
Bundan əlavə, Beyləqan rayonundan kənd təsərrüfatı, tikiş-toxuculuq və digər peşələr üzrə 25 nəfər təlimlərə cəlb olunub. Layihə üzrə 25 nəfərə mikrokreditlərin verilməsi nəzərdə tutulub ki, bunlardan da rayon üzrə 17 nəfər kreditlə təmin edilib. Hazırda kreditləşmə prosesi davam edir.