ŞƏRH
TDT-nin Şuşa Zirvə görüşü Azərbaycanın təşkilatın daha da gücləndirilməsi istiqamətində titanik səylərinin daha bir sübutudur - RƏY
![TDT-nin Şuşa Zirvə görüşü Azərbaycanın təşkilatın daha da gücləndirilməsi istiqamətində titanik səylərinin daha bir sübutudur - RƏY](/files/2024/2/1200x630/1719994703896518361_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Türk dövlətlərinin inteqrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət hər kəsə məlumdur. Təşkilata üzv dövlətlər və onların rəhbərləri İlham Əliyevin bu istiqamətdəki fikirlərini nəinki bölüşür, onlar özləri də imkanları çərçivəsində təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Məhz buna görə də TDT-nin gələcəyi, Türk dövlətlərinin taleyində getdikcə artan rolu haqqında böyük ümidlə danışmaq mümkündür. Heç şübhəsiz, Azərbaycanın və Prezident İlham Əliyevin bu təşkilatla bağlı apardığı iş, irəli sürdüyü ideyalar qurumun gələcək inkişaf trayektoriyasının nələrdən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov səsləndirib.
Professor qeyd edib ki, təşkilatın qeyri-rəsmi Zirvə görüşünün şanlı tariximizin bir parçası olan Şuşada keçirilməsi Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycanın Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində göstərdiyi titanik səylərinin bariz sübutudur.
“Türk birliyinin, Türk həmrəyliyinin daha da güclənməsi, vahid siyasi əqidə və məqsəd uğrunda mübarizə aparan, son illərə qədər bir-birindən xəbərsiz yaşayan, xarici təsirlərə qarşı müdafiəsiz qalan bütün Türk dünyası dövlətlərinin, müxtəlif ölkələrin tərkibində olan türkdilli muxtar subyektlərin də təşkilata cəlb edilməsi qarşıda duran ən önəmli məsələdir. TDT heç bir quruma, dövlətə, birliyə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymayıb. Çünki türklər heç vaxt ədavət, düşmənçilik və qisasçılığı özləri üçün hədəf hesab etməyiblər. TDT, sadəcə, Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək, xarici təzyiq və təsirlərdən səmərəli şəkildə qorunmaq üçün vasitədir. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac olduğunu təşkilata üzv bütün dövlətlər dərindən başa düşür və atdıqları addımlarla bu təşkilatın gələcək inkişafına töhfə verirlər”- deyə politoloq vurğulayıb.
Ə.İbrahimov əlavə edib ki, yuxarıda qeyd olunanlar TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün həm təşkilatın, həm də bu quruma üzv ölkələrin inkişafında mühüm rol oynayacağını deməyə əsas verir.