“Azərişıq” ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb
Bakı, 5 iyul, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyulun 5-də Oğuz Elektrik Şəbəkəsinin inzibati binasında Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlarla görüşüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Oğuz rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına göndərilib.
Oğuzun Muxas kəndində də yerli sakinlərlə görüş keçirilib. Kənd sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.