Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinlənilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Almaniyanın Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Hamburq Universitetinin Musiqişünaslıq fakültəsində təhsilini davam etdirən Bakı Musiqi Akademiyasının məzunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Cəmilə Abdullayevanın (Manafovanın) mühazirəsi izləyicilərin böyük rəğbətini qazanıb. O, Azərbaycanın milli sərvəti, xalq mədəniyyətinin mühüm daşıyıcılarından biri, özünəməxsus görüntüsü və səsi ilə seçilən qədim nəfəs alətləri olan balaban, zurna, tütəyin tarixi etimologiyası, hazırlanma üsulları, ifa texnikası və bir sıra başqa özəlliklərini professor-müəllim heyətinə, yerli və xarici ölkələrdən gələn tələbələrin diqqətinə çatdırıb.
Mühazirədə alətlərin solo və ya qrup şəklində sosial, mədəni və mənəvi tələbatlara müvafiq yaradılması, dizayn, səslənmə və texniki imkanlarına əsasən dinləyicilərin musiqi təfəkkürünün, estetik zövqlərinin formalaşdırılmasındakı rolu vurğulanıb. Onların Azərbaycan xalqı tərəfindən böyük məhəbbət qazanması qeyd edilərək, həmin alətlərin mahir ifaçıları haqqında geniş məlumatlar video və audioyazılar əsasında nümayiş etdirilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, 1977-ci ildə başqa sivilizasiyaların varlığını araşdırmaq üçün kosmosa göndərilən iki Amerika kosmik zondunda İ.S.Bax, V.A.Motsart, L.V.Bethovenin, caz musiqiçisi Lui Armstronqun, rok musiqiçisi Çak Berrinin və digər musiqiçilərin əsərləri ilə yanaşı, Azərbaycan nəfəs alətinin ifasında xalq melodiyası da olub.
Bunlardan əlavə, mühazirədə Azərbaycanın milli nəfəs alətləri - balaban, zurna və tütəyin bəstəkarlarımız tərəfindən bəstələnmiş opera, operetta, sonata, pyes, konsert və digər musiqi janrlarında istifadəsi, orkestrlərin səslənmə koloritini milli çalarlarla zənginləşdirilməsindən də söhbət açılıb.
Maraqlı mühazirənin sonunda iştirakçılara Azərbaycanın milli şirniyyatları təqdim olunub.