İQTİSADİYYAT
Orxan Məmmədov: Azərbaycanda ESG prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz təşkil edir
![Orxan Məmmədov: Azərbaycanda ESG prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz təşkil edir](/files/2024/2/1200x630/171999203224621196_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
2024-cü ildə Azərbaycanda ətraf mühit, sosial və idarəetmə (ESG) məsuliyyəti prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Ətraf Mühit, Sosial və İdarəetmə Sammitində deyib.
O bildirib ki, keçən il KOBİA tərəfindən cəlb edilən peşəkar araşdırma şirkəti Azərbaycanda ESG-nin cari vəziyyətini göstərən ilk genişmiqyaslı sorğu aparıb: “Sorğu ölkənin bütün ərazisini və müxtəlif sektorları əhatə etməklə 300-ə yaxın respondent arasında keçirilib və ESG sahəsində mövcud statusun öyrənilməsi baxımından ilk əhatəli araşdırma hesab oluna bilər. Sorğunun göstəricilərinə əsasən, ESG prinsipləri barədə ölkədəki məlumatlılıq səviyyəsi 7 faiz, tətbiq səviyyəsi isə 3,5 faiz təşkil edir. Təchizatçı seçimində ESG prinsiplərini nəzərə alma səviyyəsi 2,5 faiz, ESG prinsipləri barədə hesabatlılıq səviyyəsi 1,4 faizdir. Sorğu ESG tətbiqinin ilkin ehtiyaclarını da müəyyən edir ki, bunlara detallı izahlar, əlavə bilik və bacarıqlar və insan resursları daxildir. İkinci dərəcəli ehtiyaclar isə vergi güzəştləri, subsidiyalar, qanunvericilik dəyişiklikləri və güzəştli kreditlərdir”.