İQTİSADİYYAT
Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir
![Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir](/files/2024/2/1200x630/17199889596309231054_1200x630.jpg)
Bakı, 3 iyul, AZƏRTAC
Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində fəaliyyətin və tərəqqinin sürətləndirilməsi üçün platforma rolunu oynayır. Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Ətraf Mühit, Sosial və İdarəetmə Sammitində deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə bağlı üzərinə öhdəlik götürüb: “Bugünkü işimiz inklüzivlik, səmərəlilik və dayanıqlılığı təşviq edir. ESG tərəfində hesabatlılıq və şəffaflığa gəldikdə, qeyd etmək istərdim ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə 7 Milli Hesabatını təqdim edən dünyanın bir neçə ölkəsi sırasındadır və dünyanın beş ölkəsindən biri 4-cü Könüllü Milli İcmalını təqdim etmək niyyətindədir”.
Onun sözlərinə görə, Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə çərçivələrinin ümumiləşdirilməsi davamlı və məsuliyyətli biznes təcrübələrinin ölkənin korporativ və maliyyə sistemlərinə inteqrasiyasını nəzərdə tutur.
"Biz nəqliyyat, səhiyyə, yaşıl texnologiyalar və təcrübələrin inteqrasiyasına qədər müxtəlif sektorlar üzrə yeni imkanları fəal şəkildə araşdırırıq. Məqsədimiz cəmiyyətimizin üzləşdiyi kritik problemləri həll etmək və vətəndaşlarımızın rifahına mənalı töhfə verməkdir", - deyə nazir müavini bildirib.