Beyləqanda indiyədək 25 min nəfərdən artıq sakin tibbi müayinədən keçmişdir
Beyləqan, 17 mart (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.
Beyləqan mərkəzi rayon xəstəxanasının baş həkimi Əli Məmmədov AZƏRTAC-a bildirmişdir ki, rayonda bu mühüm kampaniyanın mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüş, səhiyyə müəssisələrində lazımi şərait yaradılmışdır. Sakinlər mərkəzi rayon xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Tibbi müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanası dövlətimizin başçısının Sərəncamı ilə ayrılmış vəsait hesabına əsaslı təmir olunmuş, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmişdir.
Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun ucqar kəndlərində də tibbi müayinələr aparılır. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müalicəyə cəlb edilirlər. İndiyədək 36 idarə və müəssisənin kollektivi, 17 yaşayış məntəqəsinin sakinləri daxil olmaqla, 25 min 240 nəfər tibbi müayinədən keçmişdir. Xəstəlik aşkar edilən vətəndaşlardan 430 nəfəri ambulator, 131 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 58 nəfər Bakı şəhərinə göndərilmişdir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədi ilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq Beyləqan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Odelya Əlyarova AZƏRTAC-a müsahibəsində demişdir: “Digər sakinlər kimi, həkimlər məni də bu gün hərtərəfli müayinə etdilər. Müayinə zamanı mədəmdə xroniki qastrit aşkarlandı və müalicə kursu təyin edildi. Qayğımıza belə yüksək səviyyədə qaldığı üçün dövlətimizə və Prezidentimizə minnətdarıq”.