BEYLƏQANDA KƏND TƏSƏRRÜFATI İSTEHSALÇILARININ TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Beyləqan rayonunda kənd təsərrüfatı istehsalçılarının Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş toplantısı keçirilmişdir.
Toplantıda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamından ötən müddət ərzində görülmüş işlər və 2008-ci il 21 avqust tarixli Sərəncamının icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məruzə etmişdir. Bildirilmişdir ki, cari ildə 50 min 390 hektar sahədə əkin aparılmışdır. Əkin sahələrinin 35 faizini dənli və paxlalı bitkilər, 8,8 faizini texniki və tərəvəz bitkiləri, 54,4 faizini isə coxillik yem bitkiləri təşkil etmişdir. Dövlət başçısının “Kənd təsərrüfatı istehsalçılarına Dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq rayonun bütün yaşayış məntəqələrində aidiyyəti struktur bölmələrin nümayəndələrini cəlb etməklə yaradılmış komissiyalar vasitəsilə 13 min 37 nəfər istehsalçıya 40 min 334 hektar torpaq sahəsinin becərilməsi üçün 2 milyon 246 min manat subsidiya verilmişdir. Bundan əlavə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə 3 min 796 ton azot kübrəsi, 300 ton fosforlu gübrə satılmışdır.
Stimullaşdırma nəticəsində təkcə bu il dənli bitkilər əkini 4 min 386 hektar artırılaraq 17 min 266 hektara, buğda əkini sahələri isə 4 min 506 hektar artırılaraq 15 min 821 hektara çatdırılmışdır. Cari ildə həmin sahələrin biçilməsi nəticəsində 2000-ci ildən bəri ilk dəfə olaraq 62 min 334 ton dənli bitkilər istehsal olunmuşdur.
Cari ilin birinci yarısında 2 min 218 ton ət, 13 min 577 ton süd, 381 ton yun, 4,7 milyon ədəd yumurta istehsal olunmuşdur.