Beynəlxalq Alpinizm və Qayayadırmanma Federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı keçirilmişdir
Qusar, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Qusardakı Şahdağ Qış-Yay Turizm Kompleksindəki “Zirvə” otelində Azərbaycanda Beynəlxalq Alpinizm və Qayayadırmanma Federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan, İsveçrə, Böyük Britaniya, İtaliya, Almaniya, Ukrayna, Rusiya, Makedoniya və Monqolustanın alpinizm federasiyalarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, UIAA-nın gənclər komissiyası alpinizm və qayayadırmanmanın dünyanın 90-dan çox ölkəsində inkişafı və təbliği ilə məşğuldur. Komissiyanın fəaliyyəti Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq İdman Federasiyalarının Assosiasiyası (ARISF) tərəfindən dəstəklənir. 2012-ci ilin oktyabrında komissiyanın rəhbəri vəzifəsinə Azərbaycan Alpinizm Federasiyasının(AAF) prezidenti İsrafil Aşurlı seçilmişdir. UIAA-nın Gənclər komissiyasının toplantısını keçirmək təşəbbüsünü də məhz o, irəli sürmüşdür.
Toplantı iştirakçıları 2013-cü ildəki fəaliyyət barədə fikir mübadiləsi aparmış, həmçinin 2014-cü il üçün inkişaf strategiyası, iş planı və il ərzində keçiriləcək beynəlxalq tədbirlərin təqvimini hazırlayıb qəbul etmişlər.
Toplantının sonunda yekun bəyannamə qəbul olunmuşdur.