Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, eləcə də İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə akademiyanın müvafiq elmi müəssisələri və bir sıra dövlət qurumlarından nümayəndələr, dilçi alimlər, mütəxəssislər iştirak ediblər.
Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Beynəlxalq Ana Dili Gününün təsis tarixindən danışıb. Akademik bildirib ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. İsa Həbibbəyli doğma dilimizin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması istiqamətində Azərbaycan dövlətinin dil siyasətindən, həyata keçirilən dövlət proqramlarından, layihə və tədbirlərdən də söz açıb.
Çıxış edənlər Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin önəmini vurğulayıb, bu əlamətdar günün keçirilməsinin xalqların dil və mədəniyyətinin qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib, konfransın işinə uğurlar arzulayıblar.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. İclaslarda “Azərbaycan dilində xülasələşdirmə problemləri və onların həlli yolları”, “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan dilində gedən transformasiyalar”, “Azərbaycan dilindəki mətnlərin oxunabilirlik səviyyəsinin qiymətləndirilməsi metodları”, “Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri” və digər mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, konfrans işini fevralın 22-də davam etdirəcək. Tədbirin ikinci günündə Azərbaycan dilinin milli korpusunun linqvistik tədqiqatlarda rolu, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi, milli terminoloji informasiya sisteminin formalaşmasının arxitektur-texnoloji prinsipləri, linqvistik verilənlər bazasının quruluş xüsusiyyətləri, Azərbaycan dilində nitq texnologiyalarının tətbiqi və digər aktual mövzulara dair məruzələr təqdim olunacaq.