BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN PROBLEMLƏRİNƏ DAİR KONFRANS
Fevralın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Nizamnaməsinin) icrasının təmin edilməsi problemlərinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransı Azərbaycan Respublikasının Milli Məclisi və Beynəlxalq Qızıl Xaç Komitəsi təşkil etmişlər.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konfransı açaraq, Beynəlxalq Cinayət Məhkəməsinin tarixindən ətraflı danışdı. O dedi ki, cinayət yurisdiksiyasının xüsusi orqanını təsis etmiş Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun qəbul olunması, şübhəsiz, BMT-nin beynəlxalq hüququnun onilliyinin mühüm hadisəsidir. Roma diplomatik konfransında Statutu 120 dövlətin imzalaması soyqırımı, təcavüz, bəşəriyyətə qarşı cinayətlər, hərbi cinayətlər kimi ağır cinayətləri təqib etmək səlahiyyətlərinə malik daimi fəaliyyət göstərən cinayət məhkəməsinə böyük maraq sübut edir. Azərbaycan da Ermənistan tərəfindən soyqırımına və təcavüzə məruz qaldığına görə, ölkə parlamenti bu Statuta qoşulmağa böyük əhəmiyyət verir.
Sonra Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov “Beynəlxalq Cinayət Məhkəməsinin statutu və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda məruzə etdi. O dedi ki, Roma statutunun və ölkəmizin milli hüquq sisteminin uyğunluğunu təmin etmək üçün qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməli və Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq haqqında xüsusi qanun qəbul olunmalıdır.
Almaniyanın Kil Universitetinin Valter Şukkinq Beynəlxalq Hüquq İnstitutunun direktoru, professor Andreas Simmerman “Almaniya Federativ Respublikasında hərbi cinayətlərin təqibi və Beynəlxalq Cinayət Məhkəməsi Roma statutunun həyata keçirilməsi layihəsi” mövzusunda məruzə ilə çıxış etdi. O, BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Haaqa Tribunalı ilə öz ölkəsinin əməkdaşlığı məsələlərindən geniş söhbət açaraq bildirdi ki, Almaniya Bundestaqında AFR məhkəmələrinin Beynəlxalq Cinayət Məhkəməsi ilə qarşılıqlı əlaqələrini tənzimləyən xüsusi qanun hazırlanır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Mərkəzi Asiya üzrə regional mərkəzinin nümayəndəsi Frederik Quen Beynəlxalq Cinayət Məhkəməsi Roma statutunun icrasında MDB ölkələrinin təcrübəsindən danışdı.
Məruzələr ətrafında müzakirələrdə iştirak edən Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, Suraxanı rayon məhkəməsinin hakimi Vəfaddin İbayev bildirdilər ki, ölkə parlamentinin səmərəli qanunvericilik fəaliyyəti nəticəsində mühüm beynəlxalq cinayət maddələrinin hamısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə daxil olunmuşdur.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov müzakirələrə yekun vuraraq təəssüflə nəzərə çarpdırdı ki, beynəlxalq hüquq təşkilatlarının fəaliyyətində ikili standartlar mövcuddur. Bir sıra Avropa ölkələrinin parlamentləri uydurma erməni soyqırımını müzakirə etdikləri halda, beynəlxalq hüquq təşkilatlarından və ya demokratik ölkələrin parlamentlərindən heç biri ermənilərin on il bundan əvvəl Azərbaycanın Xocalı rayonunda dinc əhaliyə qarşı törətdikləri qırğını pisləməmişdir.