BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏDƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ombudsman Elmira Süleymanova əlillərin hüquqlarının müdafiəsinin bütün cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını, onların dövlətin xüsusi himayəsində olduğunu qeyd etmişdir.
Dövlətin bu sahəyə qayğısının artdığını deyən Elmira Süleymanova, ailə başçılarını itirənlər, qocalıq və xəstəliyə görə dövlətdən müavinət alanlarla yanaşı, əlillərə də xüsusi dövlət müavinətləri ayrılmasının Konstitusiyamızda xüsusi vurğulandığını xatırlatmışdır. O qeyd etmişdir ki, büdcəmiz ildən-ilə artdıqca sosial problemlərin həllinə, sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrə dövlət qayğısı da artır.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərovun “Əlillərin sosial müdafiəsinin dövlət təminatları, bu sahədə görülən işlər və qarşıda duran vəzifələr”, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun “Əlillərin pensiya təminatının gücləndirilməsi və bu sahədə mövcud problemlərin həlli yolları”, təhsil nazirinin müavini Elmar Qasımovun “Sağlamlıq imkanları məhdud şəxslərin təhsil (xüsusi təhsil) hüquqlarının təmini vəziyyəti”, Səhiyyə Nazirliyi əlillər komissiyasının sədri Nəsib Quliyevin “Əlillərin dövlət tibb müəssisələrində tibbi xidmətdən istifadə etmək hüququ və onun təmini vəziyyəti”, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimovun “Əlillərin hüquqlarının müdafiəsi və təbliğində vətəndaş cəmiyyətinin rolu” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, qeyri-hökumət təşkilatlarının nümayəndələri əlillərlə bağlı həllivacib problemlərdən söz açmışlar.