ELM VƏ TƏHSİL
BEYNƏLXALQ FƏLSƏFƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA”
Akademiyanın prorektoru, professor Əlikram Abdullayev tədbiri açaraq əlamətdar günün tarixindən, onun qeyd olunmasının zəruriliyindən danışmış, YUNESKO baş katibinin sosial və humanitar elmlər üzrə müavini Pyer Sanenin təbrik məktubunu oxumuşdur.
Akademiyanın kafedra müdiri, professor Tofiq Rəsulov “Qeyri-klassik fəlsəfənin müasir problemləri” mövzusunda məruzə etmişdir. Məruzəçi qeyri-klassik fəlsəfi məktəblər haqqında, fəlsəfi fənlərin tədrisində həmin məktəblərin baxışları barədə fikirlərini açıqlamış, ali məktəblərdə qeyri–klassik fəlsəfə problemlərinin tədrisi zamanı onların klassik fəlsəfi irslə əlaqələndirilməsi zərurətindən danışmışdır.
YUNESKO tərəfindən təqdim olunmuş “Müasir dövrün fəlsəfəsi” sənədli filmi nümayiş etdirilmişdir.
Sonra mövzu ətrafında diskussiyalar olmuşdur. Bakı Dövlət Universitetinin prorektoru, professor İzzət Rüstəmov, Milli Məclisin deputatı Bəhruz Qəndilov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri professor Qoşqar Əliyev və başqaları Beynəlxalq fəlsəfə gününün qeyd olunmasının əhəmiyyətindən danışmış, ali məktəblərdə fəlsəfə fənninin tədrisi vəziyyətinə və ümumiyyətlə, fəlsəfi fikrin yayılması problemlərinə dair fikir və mülahizələrini bildirmişlər.