BEYNƏLXALQ FƏNN OLİMPİADASINDA UĞUR QAZANAN AZƏRBAYCANLI MƏKTƏBLİLƏRLƏ GÖRÜŞ OLMUŞDUR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, Prezident İlham Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışmış, ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq fənn olimpiadalarında azərbaycanlı məktəblilərin yüksək nəticələr əldə edərək, qızıl, gümüş və bürünc medallar qazandıqlarını söyləmişdir.
Qeyd olunmuşdur ki, iyulun 8-17-də Sinqapurda fizika fənni üzrə keçirilmiş 37-ci Beynəlxalq bilik yarışında ölkəmizi təmsil edən Dədə Qorqud Özəl Türk Liseyinin XI sinif şagirdi Azər Eyvazov qızıl, Bakı Özəl Türk Liseyinin X sinif şagirdi Namiq Həsənov, Sumqayıt Özəl Türk Liseyinin X sinif şagirdi Pərviz Hacıyev və Lənkəran Özəl Türk Liseyinin XI sinif şagirdi Nəcməddin Nəcəfov gümüş, Şəki Özəl Türk Liseyinin XI sinif şagirdi Elnur Hacıyev isə bürünc medal qazanmışlar.
M.Mərdanov bildirmişdir ki, qaliblər Sinqapur Universitetinin fizika və elektronika fakültəsinə imtahansız qəbul olunmaq hüququ əldə etmişlər. Eyni zamanda, həmin ali təhsil müəssisəsində onlara ayda 500 ABŞ dolları məbləğində təqaüd də veriləcəkdir.
Nazir riyaziyyat, kimya, biologiya fənləri üzrə beynəlxalq bilik yarışlarında məktəblilərimizin əldə etdikləri nailiyyətləri də konkret faktlarla diqqətə çatdırmışdır.
Çıxış edən müəllim və valideynlər təhsilimizin inkişafına göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, fənn olimpiadalarında uğur qazanan şagirdləri təbrik edərək, onlara yeni nailiyyətlər arzulamışlar.