Beynəlxalq klinik neyroimmunoloji simpoziumda azərbaycanlı professor məruzə edib
Bakı, 10 aprel, AZƏRTAC
Şimali Kipr Türk Respublikasının Girne şəhərində 10-cu Beynəlxalq klinik neyroimmunoloji simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, simpoziumda ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, professor Rəna Şirəliyeva və nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Rahim Əliyev təmsil ediblər.
Professor Rəna Şirəliyeva “Azərbaycanda dağınıq sklerozun müalicəsi” məruzəsi ilə çıxışında “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” haqda məlumat verərək onun 2013-cü ildən fəaliyyət göstərdiyini və beş il ərzində dağınıq sklerozun diaqnostika və müalicəsinin müasir standartlara uyğun olaraq aparıldığı barədə danışıb. Professor öz çıxışında qeyd edib ki, diaqnostika metodlarının təkmilləşdirilməsi ilə əlaqədar dağınıq skleroz diaqnozu qoyulmuş xəstələrin sayı artıb və ölkəmiz xəstəliyin yayılması üzrə artıq orta risk zonasına aid edilir.
Konfransda nevroloqların nəzərinə bir sıra maraqlı tədqiqatların nəticələri də çatdırılıb.