ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda tarixçi alimin məruzəsi maraqla qarşılanıb
Bakı, 24 dekabr, AZƏRTAC
İsrailin Ariel Universitetində Qafqazda və Mərkəzi Asiyada Yəhudi İcmaları Mərkəzi tərəfindən “İdentiklik, milli siyasət və milli tarix: İsrail, Mərkəzi Asiya və Qafqaz ölkələrinin nümunəsində” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Ümumi tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, professor İradə Bağırova təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tarixçi alim konfransda “XX əsrdə Azərbaycanda milli kimliyin formalaşması” mövzusunda məruzə edib. İradə Bağırova çıxışında XIX əsrdən başlayaraq XXI əsrə qədər Azərbaycan cəmiyyətində gedən proseslər, milli özünüdərk hissinin formalaşmasında böyük mütəfəkkirlərimizin, mədəniyyət və siyasi xadimlərimizin rolunu vurğulayıb.
ABŞ, İsrail, Fransa, Rusiya, Qazaxıstan və Özbəkistandan politoloqlar, tarixçilər, etnoloqların qatıldığı tədbirdə tarixçi alimin məruzəsi maraqla qarşılanıb və İradə Bağırova iştirakçıların suallarını cavablandırıb.