BEYNƏLXALQ “MİNGƏÇEVİR REQATASI”NIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq “Mingəçevir reqatası”nın açılış mərasimi keçirilmişdir. Ənənəvi reqata Azərbaycanda avarçəkmənin yaradılmasının 50 illik yubileyinə təsadüf edir.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, Rusiyadan gələn qonaqlar - Vladislav Şvetsov, Nikolay Rusak, Yevgeni Samsonov, digər rəsmi qonaqlar və idmançılar iştirak etmişlər.
İ.İsmayılov çıxışında ölkəmizdə avarçəkmənin tarixinə nəzər salmışdır. O, idmanın bütün sahələrinə, o cümlədən avarçəkməyə göstərilən dövlət qayğısından, avarçəkənlərimizin əldə etdikləri uğurlardan danışmışdır. Nazir müavini bildirmişdir ki, “Kür” Olimpiya Mərkəzi istifadəyə verildikdən sonra avarçəkənlərimizin nailiyyətləri daha da yüksələcək, xarici ölkələrin idmançıları yenidən Mingəçevirə təlim-məşq toplanışlarına gələcəklər. İ.İsmayılov beynəlxalq Mingəçevir reqatasında 5 ölkənin - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Bolqarıstanın 160-dək avarçəkəninin iştirak edəcəyini bildirmiş və bunu yüksək göstərici adlandırmışdır.
AMAF prezidenti Elçin Zeynalov “Kür” Olimpiya bazasında əvvəllər bir çox tanınmış avarçəkənlərin məşq etdiklərini və yüksək nəticələr göstərdiklərini bildirmişdir. Onun sözlərinə görə, bu bazanın müasir tələblərə uyğun yenidən qurularaq, istifadəyə verilməsindən sonra idmançılarımızın nailiyyətləri daha yüksək olacaq, ölkəmizlə yaxın münasibətdə olan xarici ölkələr təlim-məşq toplanışlarında iştirak etmək üçün Mingəçevirə gələcəklər.
Rusiya İdman Komitəsinin keçmiş sədri Nikolay Rusak gələn il ölkəsində 2 beynəlxalq reqatanın keçiriləcəyini bildirmişdir. O, “Böyük Moskva” və “Prezident kuboku” reqatalarında Azərbaycanın da təmsil olunacağına inandığını söyləmişdir. Rusak Rusiya yığmasının Mingəçevirdə təlim-məşq toplanışları keçirmək niyyətində olduğunu bəyan etmişdir.
Azərbaycan dilində çıxış edən Vladislav Şvetsov Bakıda doğulduğunu və ölkəmizdə boya-başa çatdığını bildirmiş, 1988-ci ildə Azərbaycanı tərk edərək, Rusiyaya yollandığını xatırlamışdır. Şvetsovun sözlərinə görə, Mingəçevir iqlim baxımından avarçəkmə üzrə təlim-məşq toplanışlarının keçirilməsi üçün ən münasib yerdir. Veteran idmançı sonda Azərbaycan avarçəkənlərinə beynəlxalq yarışlarda uğurlar arzulamışdır.
Beynəlxalq “Mingəçevir reqatası”nda yarışlara noyabrın 14-də start veriləcəkdir. Turnir iki gün davam edəcəkdir.