Beynəlxalq sərgidə “Made in Azerbaijan” brendi ilə Naxçıvan tütünü təmsil olunub
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən “Cahan Tabak Beynəlxalq” MMC ixrac potensialını gücləndirmək, ölkəyə xarici valyuta axınını artırmaq və yerli iqtisadiyyata dəstək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Orta Şərq Dünya Tütün” Beynəlxalq sərgisində iştirak edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin 21 istehsalçı şirkəti ilə tütün sənayesinin iştirak etdiyi sərgidə “Cahan Tabak Beynəlxalq” MMC-nin istehsal etdiyi 4 adda 20-dən çox çeşiddə tütün məhsulları nümayiş olunaraq, “Made in Azərbaycan” brendi altında ölkəmizi təmsil edib.
Sərgidə “Cahan Tabak Beynəlxalq” stendi maraqla qarşılanıb, ixracatçıların diqqətini cəlb edib.
Qeyd edək ki, “Orta Şərq Dünya Tütün” Beynəlxalq sərgisi yerli tütün istehsalçıları arasında işgüzar əlaqələr qurmaq məqsədilə təşkil olunur və sərgidə İndoneziya, Asiya və Avstraliya tütün sənayesi məhsulları və xidmətləri nümayiş etdirilir. 250-dən çox beynəlxalq tədarükçünün iştirak etdiyi sərgi Şərqdə, eləcə də Birləşmiş Ərəb Əmirliklərində daim genişlənən ən böyük bazarlara daxil olmaq üçün ideal fürsət kimi dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikasında tütünçülük ənənələrinin yaşadılması həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir. Artıq bu gün yerli xammala əsaslanan tütünçülük məhsulları dünyanın məşhur markaları ilə rəqabət aparır.
Muxtar respublikada istehsal olunan tütün məhsullarının belə beynəlxalq sərgilərə çıxarılması və rəğbətlə qarşılanması tütünçülüyün yüksək inkişaf səviyyəsindən xəbər verir.