Beynəlxalq tədbirdə uşaqların infeksion xəstəlikləri zamanı tibbi yardımın təşkili müzakirə olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Uşaqların infeksion xəstəlikləri zamanı təxirəsalınmaz vəziyyətlər” adlı beynəlxalq tədris seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar müxtəlif ölkələrdə tibbi təhsil sahəsində çalışan müəllim heyəti və digər tibb işçilərinin uşaqlarda yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlərdə tibbi yardımın təşkili və həyata keçirilməsinə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.
Özbəkistan, Qırğızıstan, Türkmənistan, Belarus, Tacıkistan və digər ölkələrdən olan həkimlərin iştirak etdiyi seminarda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinin 14 həkimi iştirak edib.
Rusiya Federasiyası Səhiyyə Nazirliyi, Rusiya Federasiya Federal Tibbi-Bioloji Agentliyi və Uşaq Yoluxucu Xəstəliklər üzrə Elmi-Tədqiqat Mərkəzinin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilən seminarda iki həftə ərzində uşaqlar arasında rast gəlinən yoluxucu xəstəliklər, həmin xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər və onların aradan qaldırılması üçün alqoritm, müalicə prinsipləri və taktikaları barədə məlumatlar təqdim olunub, təlim otaqlarında simulyatorlar üzərində praktiki vərdişlər öyrədilib. COVID-19, postvaksinal sindrom və multisistem iltihab xəstəliyi mövzusuna xüsusi diqqət ayrılıb.