Beynəlxalq Turizm Mərkəzinə çevrilən Naftalanın inkişafı üçün hədəf bəlli, istiqamət məlumdur
Naftalan, 18 fevral, Rauf Hacıyev, AZƏRTAC
Üç ildir ki, Naftalan şəhəri xərclərini yerli gəlirlər hesabına təmin edir. Şəhər buna öz turizm potensialı, eləcə də dünyada tanınan müasir səviyyəli turizm obyektlərindən əldə edilən gəlirlər hesabına nail olub.
Ölkə başçısının Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində şəhər özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə yerli və xarici turistlərin diqqətini daha çox cəlb edən kurort şəhərlərindən birinə çevrilib. 2018-ci il də şəhər iqtisadiyyatının əsasını təşkil edən turizm sahəsi üçün uğurlu illərdən olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il Naftalana sağlamlığını bərpa etmək və ya istirahət etmək üçün üz tutan turistlərin sayı əvvəlki illə müqayisədə 4,6 faiz artıb. Keçən il şəhərin turizm obyektlərində 37 min 623 nəfər turist qeydə alınıb ki, onların da 11 min 700-nü dünyanın 57 ölkəsindən gələn turistlər təşkil edib. Xarici ölkələrdən gələnlərin sayı əvvəlki hesabat ili ilə müqayisədə 24,2 faiz artıb.
Bir faktı da qeyd etmək lazımdır ki, “Çinar”, “Qaşaltıl” və “Qarabağ” otellərində yeni il ərəfəsində boş yer olmayıb. Ümumilikdə həmin günlərdə 2500 nəfərdən çox turist həm istirahət edib, həm də müalicə alıb. Naftalanda yeni ili qarşılamaq istəyənlər arasında xarici ölkə vətəndaşları çoxluq təşkil edib. Xüsusən də Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarusdan olan vətəndaşlar Naftalanı seçib. Hazırda şəhərdə fəaliyyət göstərən 3-ü beş ulduzlu olmaqla 10 sanatoriya və müalicə mərkəzi 2200 turisti qəbul edə bilir.
Statistik təhlillər göstərir ki, Naftalana gələn xarici turistlərin ildən-ilə həm sayı artır, həm də coğrafiyası genişlənir. İndi şəhərin beynəlxalq turizm potensialını inkişaf etdirmək üçün Naftalanda yeni Avtovağzal otel kompleksi tikilir. Tikinti işlərində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 35 nəfər müvəqqəti işlə təmin edilib. Hazırda binada son tamamlama işləri aparılır. İstifadəyə verildikdən sonra mehmanxana “Naftalan Hotel & SPA” adı altında fəaliyyət göstərəcək.
Naftalan nefti əsasında müalicə olunmaq istəyən turistlərin, eləcə də səhhətində müəyyən problemlər olan insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunaraq ötən ilin yay mövsümündə istifadəyə verilib. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarətdir. Burada 15 nəfər daimi işlə təmin olunub.