Beynəlxalq Velosipedçilər İttifaqının konqresi keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
ABŞ-ın Riçmond şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) illik konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresdən bir gün əvvəl isə Avropa Velosipedçilər İttifaqının (UEC) Rəhbər Komitəsinin iclası olub. Rəhbər Komitənin iclasında çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien sonuncu dəfə Komitənin Avropa Oyunları zamanı Bakıda toplaşdığını xatırladıb. O, məruzəsində “Bakı-2015” ilk Avropa Oyunlarının çox yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq birinci Avropa Oyunlarının velosiped yarışlarının təşkilində yüksək fəallıq nümayiş etdirmiş Azərbaycan Velosiped İdmanı Federasiyasına UCİ adından dərin təşəkkürünü bildirib.
Sonra Beynəlxalq Velosipedçilər İttifaqının illik konqresində Avropa qitəsi adından səsvermə hüququna malik nümayəndələr seçilib. Qeyd edək ki, 50 milli federasiyanı özündə birləşdirən Avropa Velosipedçilər İttifaqı UCİ-nin Konqresində səsvermə hüququna malik 14 nəfərlə təmsil olunur. Bu il seçilmiş 14 nümayəndədən biri də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov olub.
Konqresdə Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson geniş məruzə ilə çıxış edib. O konqresin müzakirəsinə 16 məsələnin çıxarıldığını bildirərək ötən dövrdə görülmüş işlər və UCİ qarşısında duran məsələlər barədə ətraflı məlumat verib. Konqresdə UCİ-in Rəhbər Komitəsinin hesabatı, 2014-cü ilin büdcəsinin icra vəziyyəti, müstəqil auditorların hesabatı dinlənilib və 2016-cı il üçün büdcə təsdiq edilib. Daha sonra UCİ-in Rəhbər Komitəsinin yeni üzvü seçilib və bir sıra ölkələrin Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə daxil olmaq barədə ərizələrinə baxılaraq, onların üzvlüyü təsdiq edilib.
Konqres zamanı “Rio-2016” Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı R’OCOG (2016 Organising Comittee for the Olimpic and Paralympic Games) “Rio-2016” Olimpiya və Paralimpiya oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Alberto Gimaraes geniş təqdimatla çıxış edib və Oyunlara hazırlığın gedişi barədə məlumat verib.
Tədbirdə 2016-cı ilin oktyabrında Qətərdə keçiriləcək şose velosipedi üzrə dünya çempionatı ilə bağlı məsləhətləşmələr də aparılıb. “Doha-2016” dünya çempionatının Təşkilat Komitəsinin sədri şeyx Xalid bin Əli Əl Taninin və Qətərin digər məsul nümayəndələrinin mundiala hazırlıqla bağlı təqdimatları maraqla qarşılanıb.
Konqres ərəfəsində Riçmondda keçirilən şose velosipedi üzrə dünya çempionatında Azərbaycanı yeniyetmələr və 23 yaşadək idmançılarımızdan Musa Mikayılzadə, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov və Samir Cəbrayılov təmsil ediblər. Qadınlar arasında komanda ötüşmələrində isə Sloveniyanın “Lyublyana” komandasının tərkibində çıxış edən Azərbaycan velosipedçisi Yelena Pavluxina kifayət qədər yüksək nəticə göstərərək 8-ci yerə çıxıb.