Bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 31-36° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-24°, gündüz 28-33° isti, dağlarda gecə 16-18°, gündüz 21-26° isti olacağı gözlənilir.