BİBİHEYBƏT QƏSƏBƏSİNİN BÖYÜK OLİMPİYA PARKINA ÇEVRİLMƏSİNƏ DAİR FANTASTİK LAYİHƏ
AZƏRTAC xəbər verir ki, “Park İnn” hotelində Bakının 2016-cı ilin Olimpiya oyunlarını keçirmək sifarişi ilə əlaqədar Azərbaycanla əməkdaşlıq edəcək beynəlxalq ekoloji komissiyanın iclası keçirilmişdir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mətbuat konfransında bildirmişdir ki, Olimpiadanı keçirməyə namizədlərin siyahısı iyunun 4-də Afinada keçiriləcək Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında elan olunacaqdır. Olimpiadanı keçirmək üçün 7 şəhər, o cümlədən Bakı namizədliyini irəli sürmüşdür. MOK vitse-prezidentinin sözlərinə görə, Bakının namizəd olmaq imkanı böyükdür. “Bakı-2016” təqdimat kitabı BOK-un təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilmişdir.
Namizədlərin seçilməsi zamanı ölkədə ekoloji vəziyyət məsələsinə böyük önəm verilir.
2004-cü il Afina Olimpiadasının ekologiya problemləri sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlər Frank Qof, Uve Valter, habelə 2006-cı ildə Almaniyada keçirilən futfol üzrə dünya çempionatının “Yaşıl top” ekoloji proqramını hazırlamış Helmut Ştayn mətbuat konfransında bildirmişlər ki, Bibiheybət qəsəbəsinin böyük Olimpiya parkına çevrilməsinə dair fantastik layihə işlənib hazırlanmışdır. Alman eksperti Paul Baaderin sözlərinə görə, parkın salınması kifayət qədər real, lakin çox bahalı layihədir. Onun həyata keçirilməsi üçün nə qədər vəsait xərclənəcəyini hələlik demək çətindir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirmişdir ki, iyunun 4-də BOK-un müsbət qərarı elan olunarsa, həmin layihənin gerçəkləşdirilməsinə başlanacaqdır. Ancaq paytaxtın ekoloji təmizliyini artırmaq məqsədi ilə Bibiheybətin ətrafı istənilən halda təmizlənəcəkdir.