Bibliometrik analizə həsr edilən məqalə beynəlxalq jurnalda dərc olunub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin malayziyalı alimlər ilə birgə həmmüəllifi olduqları “Bibliometric Analysis of IP&M Journal” (“IP&M jurnalının bibliometrik təhlili”) adlı məqalə “Journal of Scientometric Research”də (“Elmmetrik tədqiqat jurnalı”) nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə “IP&M” jurnalının 1980-2015-ci illər üzrə bibliometrik təhlili təqdim edilib. Aparılan tədqiqatlarda məqalələrin illər üzrə paylanması, onların kateqoriyalar üzrə təsnifatı, məqalələrdə müəlliflik məsələləri, əməkdaşlıq dərəcəsi, onların verdiyi töhfələr və bu töhfələrin institutlar üzrə paylanması, məqalələrin coğrafi bölgüsü və “IP&M” jurnalına olan istinadların sayı kimi mühüm göstəricilərin təhlili aparılıb. Təhlillər zamanı aydın olur ki, 1980-2015-ci illər ərzində jurnalda 2913 məqalə dərc olunub və bunlar arasında araşdırma məqalələri yüksək faiz (67,15 faiz) göstəricisinə malikdir. Bununla yanaşı, müəlliflər tərəfindən məqalələrin sayına görə 24 ən məhsuldar ölkə, 10 ən məhsuldar institut və 10 ən məhsuldar müəllif müəyyənləşdirilib.
Qeyd edək ki, “IP&M” jurnalının təhlilini apararkən əldə olunmuş bir sıra nəticələr, həmçinin gələcəkdə aparılacaq tədqiqatlar haqqında məlumatlar məqalədə aydın şəkildə öz əksini tapıb. Jurnal “Web of Science”, “CNKI”, “EBSCO Publishing’s Electronic Database”, “Exlibris”, “Google Scholar”, “Hinari”, “Infotrieve”, “Journal Guide”, “National Science Library”, “OpenJGate” və s. elmi bazalarda indeksləşir.